Böyük şəxslərin adlarının qarşısında "həzrət" sözünü işlətmək yanlışdır?

İddia:
Quranda peyğəmbər adlarından əvvəl "həzrət" sözü işlənmir. Bundan başqa "həzrəti" sözü "qarşımdakı" mənasındadır. Hörmət etmək üçün "qarşımdakı" sözünü işlətmək uyğun deyil və bu söz ancaq canlı varlıqlar üçün işlənir. Yəni vəfat etmiş insanlar üçün işlənə bilməz. Bundan başqa "həzrət" sözünün işlənməsi Peyğəmbərin vəfatından 600 il sonra başlanmışdır. Dinlə əlaqəsi yoxdur.

Cavab:
1. Bizlər utanmalıyıq ki, dünyanın dörd bir yanında müsəlmanlar aclıqdan, susuzluqdan, terrordan əziyyət çəkdiyi halda oturub boş və faydasız şeylərlə gündəmi məşğul edirik. Belə kiçik şeylərlə vaxtımızı alanlara da haqqımızı halal etmirik. 

2. Allah Quranda peyğəmbərlərə hörmət etməyi bir çox yerlərdə əmr etmişdir.

"Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən artıq qaldırmayın və bir-birinizlə ucadan danışdığınız kimi onunla ucadan danışmayın! Yoxsa, özünüz də bilmədən, əməlləriniz puç olar. Həqiqətən, Allahın Peyğəmbəri yanında astadan danışanlar o kimsələrdir ki, Allah onların ürəklərini təqva üçün imtahana çəkmişdir. Onları (günahlardan) bağışlanma və böyük mükafat (Cənnət) gözləyir!  (Ya Peyğəmbər!) Şübhəsiz ki, səni otaqların arxasından çağıranların çoxusunun ağlı kəsmir!" (Hucurat, 49/2-4)

Müsəlmanlar Allahın bu əmrinə uymuş və Peyğəmbərə lazımi hörməti göstərmişdirlər. Bu hörmət növlərindən biri də Peyğəmbəri çağırma ədəbidir. Bir ayədə belə buyurulur:

"Peyğəmbəri öz aranızda bir-birinizi çağırdığınız kimi çağırmayın!.." (Nur, 24/63)

Ayədə Peyğəmbəri öz aramızda bir-birimizi çağırdığımız kimi çağırmamamız əmr edilmişdir. Bu səbəblə bizlər bəziləri kimi Peyğəmbərə sinif yoldaşımıztək "Muhəmməd" yox, "Həzrət Muhəmməd" deyirik.

3. Bir sözün mənası ilə, həmin sözün termin olaraq qazandığı məna fərqlidir. Məsələn "salat" yalvarıb-yaxarmaq, dua etmək, dəstək olmaq və s. mənalardadır. Lakin bu sözün termin olaraq mənası namazdır. 

Eyni şəkildə "həzrəti" sözü "hüzurumdakı" mənasını verə bilər. Lakin termin olaraq bu söz hörmət və təzim, ehtiram bildirmək üçün işlənir.

Sonda peyğəmbərlərin, övliyaların, İslamın böyüklərinin adlarının əvvəlində "həzrət" sözünün işlənməsinə qarşı çıxanlara bir sualımız var: Allah Taha, 20/12 ayəsində Hz. Musadan ayaqqabılarını çıxarmasını, müqəddəs Tuva vadisində ayaqqabı olmadan gəzərək oraya hörmət etməsini əmr etmişdir. Görəsən peyğəmbərlərin, Allah dostlarının, səhabələrin Allah qatında Tuvadakı bir torpaq parçası qədər dəyəri yoxdurmu ki, Tuva vadisinə hörmət etmək doğru, onlara "həzrət" deyərək hörmət etmək yanlış olsun?