Əziz müsəlmanlar! Oxuyacağınız bu əsər: “Hz. Peyğəmbərin hədisləri dində bir dəlil deyildir, hədislərin böyük qismi uydurmadır və dinin tək qaynağı Qurandır”, - deyən insanlara cavab mahiyyətində hazırlanmışdır. Onlar Quran-i Kərimdə Quranın din xüsusunda yetərli olduğundan söz açıldığını, tək mənbənin Quran olduğunu deyirlər. Onlara görə hədislər Peyğəmbərimizin vəfatından üç əsr sonra uydurulmuşdur. Bu sözlərinin nə qədər yanlış olduğunu və bunu deyən insanların Quranı anlamaqdan nə qədər uzaq olduqlarını yazılarımızı səbirlə oxuduğunuz təqdirdə anlayacaqsınız.
Əvvəlcə, hədislərin toplanması, yazılması, qorunması haqqında məlumat verəcək, hələ Rəsulullahın dövründə belə hədislərin yazıldığını isbat edəcəyik. Beləcə, onların: "Hədislər Peyğəmbərin dövründən üç əsr sonra uydurulub!" - iddialarının yanlış olduğunu göstərəcəyik. Daha sonra hədislərə etibar etməyimizə səbəb olacaq Quran-i Kərimdəki dəlilləri ortaya qoyacağıq. Hədisləri inkar edənlərin iddialarına cavab verdikdən sonra da hədislərin uydurma olduğunu düşünənlərlə hədislərə etibar edənlərin arasında yaranmış ixtilafı həll etmək üçün Quranın verdiyi tövsiyəni nəql edib, qarşı tərəfi də bu tövsiyəyə uymağa çağıracağıq.
Nəzərinizə çatdıraq ki, hədisləri inkar edənlərin hədislər haqqında bir çox iddiaları vardır və hər keçən gün də artmaqdadır. Buna görə aşağıdakı üçüncü bölməyə ən məşhur iddia və suallarını yerləşdirəcək, başqa fikirlərini də zamanla yerləşdirib cavablandırmağa çalışacağıq.
Bunu da qeyd etməkdə fayda vardır ki, bu əsərin tərkibinə: "İbrahim peyğəmbər səksən yaşında sünnət olundu", "Dünya öküzün və balığın üzərindədir", - tipli hədislərin açıqlamaları daxil deyildir. Bu növ hədislər baş səhifədə adı qeyd olunmuş son əsərin tərkibində bir-bir açıqlanacaqdır. Bu əsər ümumi müddəa və ayələrdən göstərdiyimiz açıq dəlillərlə hədislərin də dində bir dəlil olduğunu isbat etmək üçün hazırlanmışdır.
- Hədislərin bir çox insanlar vasitəsilə dildən-dilə keçərək yayıldığını bildiyimiz halda hədislərə niyə inanmalıyıq? Hədislər nə dərəcədə qorunub? Peyğəmbərin vəfatından yüzillər sonra yazılan hədislərə niyə etibar edək?
- Hədislərin uydurma olmadığını, əksinə dini bir dəlil olduğunu bildirən ayələr hansılardır? Hədisləri inkar etməklə hansı ayələri inkar etmiş oluruq?
- Hədisləri inkar edənlərin iddia və suallarına cavablar...
- Hədislərin uydurma olduğunu bildirənlərlə hədislərə etibar edənlər arasında yaranmış ixtilafı həll etmək üçün Quranın verdiyi tövsiyə...