Əhməd b. Hənbəlin tələbələrindən olan İmam Zühlinin İmam Buxariyə kafir dediyi doğrudurmu?

İddia:
Əhməd b. Hənbəlin tələbələrindən olan böyük hədis alimi İmam Zühli Quranın məxluq olub-olmaması məsələsi haqqındakı düşüncələri səbəbilə İmam Buxarinin kafir olduğunu, onun məclisinə qatılmanın doğru olmadığını bildirmişdir. 

Cavab:
İddia yanlışdır, Zühli İmam Buxarinin kafir olduğunu deməmişdir. Bu həm Zühliyə, həm də Buxariyə atılmış bir iftiradır.  

Bu məsələ haqqında düzgün fikir sahibi olmaq üçün əvvəlcə Quranın məxluq olub-olmaması (xalqul-Quran) mübahisəsinin yaranması haqqında məlumat sahibi olmalıyıq:

Quranın sonradan yaradılmış bir şey - məxluq olduğu düşüncəsini ilk ortaya atanlar mötəziləyə mənsub Cad b. Dirhəm (v. 118/736) ilə Cəhm b. Safvan (v. 128/745) olmuşdur. Daha sonra bu ikisinin fikirlərinə Bişr əl-Mərisi (v. 218/833) də qatılmışdır.

Bişr bu fikri yeni "dəlillərlə" əsaslandırıb sistemləşdirməyə çalışırdı. Xalqul-Quran mübahisələri Xəlifə Məmunun dövrünə qədər (170-218/776-833) davam edirdi. Məmunun dövründə iş yeni bir hal aldı: Belə ki, Xəlifə Məmun mötəziləyə uydu, Quranın (haşa) məxluq olduğu fikrini zorla alimlərə, hədisçilərə, fəqihlərə diktə etməyə başladı. İş o yerə çatdı ki, bunu qəbul etməyənlərə işgəncə tətbiq edildi.

Məmunun ilk zamalarında heç bir zor tətbiq edilmədiyi halda yalnızca hədə-qorxu səbəbilə bəziləri Quranın məxluq olduğu fikrini qəbul etdiyindən, hakim dairələr bu fikri alimlərə qəbul etdirmənin mümkünsüz olmadığını anladı. Artıq bu fikri qəbul etməyənlərə güc tətbiq edilməyə başlandı. Xəlifnin əmri ilə digərləri kimi Bağdad əmiri də o bölgənin alimlərini toplayır və onları Quranın məxluq olduğunu qəbul etməyə çağırır. Həmin dövrdə Bağdadda bu fikrə qarşı çıxıb Quranın məxluq olmadığını müdafiə edənlər dörd nəfər idi: Həsən b. Hammad, Ubeydullah b. Ömər,  Muhəmməd b. NuhƏhməd b. Hənbəl.

Bu dördünü həbs edib zəncirləyirlər. Bir neçə gün sonra Həsən b. Hammad və Ubeydullah b. Ömər dözməyib Quranın məxluq olduğunu qəbul etdiklərini söyləyirlər. Muhəmməd b. Nuh və Əhməd b. Hənbəl bu fikrə qətiyyətlə qarşı çıxdıqlarından və "yola gəlmədiklərindən" Xəlifə Məmunun olduğu şəhərə xəlifənin onları cəzalandırması üçün yola çıxarırlar. Yolda Muhəmməd b. Nuh vəfat edir. Xəlifəyə qarşı gəlib Quranın məxluq olduğu fikrinə qarşı çıxan Əhməd b. Hənbəl tək qalır.

Əhməd b. Hənbəl xəlifənin olduğu şəhərə çatmamış bu dəfə də xəlifə dünyasını dəyişir və yerinə Mötəsim (177-227/793-842) gəlir. Mötəsim də Əhməd b. Hənbəli Quranın məxluq olması fikrini qəbul etməyə çağırır, əks halda cəzalandırılacağını bildirir. Əhməd b. Hənbəl bu fikri qəbul etmək üçün onlardan Quranın məxluq olduğunu təsdiq edən dəlil istəyirdi. Lakin nə Mötəsimin, nə də mötəzilə alimlərinin Qurandan və hədislərdən Quranın məxluq olduğuna dair bir dəlilləri olmadığından İmam Əhmədə işgəncə verməyə başlayırlar.

28 ay (bəzi mənbələrə görə 18 ay) həbsdə qalan Əhməd b. Hənbələ özündən gedənə kimi hər gün şallaq vururlar. Özündən gedib-getmədiyini anlamaq üçün isə onu qılıncın ucu ilə dürtmələyirdilər.

Əhməd b. Hənbəlin zindan həyatı ilə yanaşı azadlığa buraxıldıqdan sonra çəkdiyi sıxıntılar da Xəlifə Mütəvəkkilin dövrünün başlanğıcına qədər davam edir. Xalqul-Quran məsələsi bir xaosa səbəb olduğundan Xəlifə Mütəvəkkil bu mövzudan danışılmasını belə qadağan edir.

Artıq ümmətin 14 illik çəkdiyi əzab-əziyyət geridə qalmış, Əhməd b. Hənbəl haqlı olaraq özünün dostlarının da daxil olduğu bir qrup alimdən küsmüşdü. Çünki onlar Xəlifə Məmuna lap əvvəllərdən müqavimət göstərsə idi, zülüm və işgəncə bu qədər yayılmaz, sırf bir məsələyə görə bütün ümmət 14 il əziyyət çəkməzdi.

İmam Zühli də həmin İmam Əhmədin - ən yaxın dostu olan Yəhya b. Maindən belə Xalqul-Quran məsələsinə görə küsən İmam Əhmədin tələbəsi olmuşdur. 

Bu səbəblə on dörd illik əziyyətdən sonra -İmam Əhmədin digər tələbələri kimi- İmam Zühlinin də Quran haqqındakı ifadələrə diqqətlə yanaşdığı və bu mövzuda həssas olduğu hamıya məlumdur.

250-ci ildə bir gün İmam Buxarinin Nişapur şəhərinə gələcəyi eşidilir. İmam Zühli özünün də onu qarşılamağa çıxacağını bildirir. Lakin tələbələrindən istəyir ki, Buxaridən Quranın məxluq olub-olmaması haqqında söz soruşmasınlar. Çünki Zühli İmam Buxarinin bu mövzuda nə deyəcəyini bilmirdi və onların fikrinə zidd bir şey deməsindən, bu xaman da iğtişaşın yaranmasından qorxurdu. Böyük kütlənin arasında biri İmam Buxaridən Xalqul-Quran məsələsi haqqında soruşur. Qeyd edək ki, hal-hazırda bu mövzu haqqında danışanlar Buxarinin sözlərini təhrif edirlər. İmam Buxarinin cavabının məzmunu belədir:
Bizim gördüyümüz işlər məxluqdur, sonradan yaradılmışdır. Bizim Quran oxumağımız məxluqdur, lakin oxuduğumuz Quran məxluq deyildir. Quranı yazmağımız məxluqdur, lakin yazdığımız Quran məxluq deyildir. Hətta Ənkəbut surəsinin 49-cu ayəsində deyildiyi kimi hafizlərin qəlblərində olan ayələr də məxluq deyildir, Allahın kəlamıdır.
Məlumdur ki, Buxarinin sözləri doğru olsa da, mənbələrdə nə Quranın məxluq olmadığını bildirən, nə də Quranın məxluq olduğunu bildirən hədis vardır. Yəni bu mövzuda Rəsulullah və əshabı bircə söz belə deməyiblər.

Bu səbəblə də İmam Zühli müəllimi İmam Əhməd kimi haqqında Rəsulullahın danışmadığı bir imani məsələdə doğru belə olsa, bir söz deməyi bidət sayırdı.

Buxarinin də bu mövzuda danışmasını bidət hesab etmiş və Quran oxuyan adamın tələffüzünün məxluq hesab edənin bidətçi olacağını bildirdiyindən İmam Buxariyə bidətçi demiş, Buxari ilə eyni fikri bölüşməyən insanları onun məclislərinə qatılmamağa çağırmışdır.

Deməli, İmam Zühli İmam Buxariyə "kafir" yox, "bidətçi" (dinə yenilik gətirən) demişdir. 

Onun Buxariyə "kafir" dediyini bildirənlərin mənbə olaraq göstərdikləri Zəhəbinin "Ə'lamün Nübəla" kitabında da Buxariyə "kafir" dediyi yazılmayıb. Orada yazılıb ki, Zühli: "Quranın məxluq olduğunu bildirən adam imandan çıxar, Quran oxuyan adamın tələffüzünün məxluq hesab edənlər isə bidətçi olar", - demişdir. 

Bununla birlikdə İmam Buxari onu bidətçi hesab edən Zühlinin rəvayət etdiyi otuzdan çox hədisi öz "Camius-Səhih" adlı kitabına daxil etmişdir.

Qısacası, bu mövzuda da sırf bir hədis alimini tənqid edə bilmək üçün iftiraya baş vurulmuş, həm "Ə'lamun Nübəla" kitabının müəllifi olan Zəhəbiyə, həm İmam Zühliyə, həm də İmam Buxariyə böhtan atılmışdır.

İstifadə olunmuş ədəbiyyat:

Halku'l-Kur'an | Sorularla İslamiyet
Kuran okurken çıkardığımız lafızlar mahluk mudur? | Sorularla İslamiyet
Zühlî maddesi | TDV İslâm Ansiklopedisi
İslamoğlunun "Buhâri ehl-i hadis olduğu halde bakın nasıl öldü" videosuna tenkid | Abdullah Erkan