Adəm peyğəmbərin Cənnətdə yox, dünyadakı bir bağçada yaşadığı haqqındakı iddiaların yanlış olduğunu əsaslandıra bilərsinizmi?

İddia:
"Cənnət" sözünün "bağça" mənası da vardır. Qurana görə Adəm yer üzündə yaradılmışdır. Daha sonra isə "cənnət"ə yerləşdirilmişdir. Bu "cənnət"də qadağan olunmuş bir ağac vardır. Lakin bilirik ki, bildiyimiz Cənnətdə heç bir qadağa olmayacaq. Deməli, bura bildiyimiz Cənnət yox, dünyadakı bir bağçadır.

Cavab:
Hz. Adəmin Cənnətə yerləşdirilməsi ilə Allah insanlar üçün əsas yerin Cənnət olduğunu, lakin Onun əmr və qadağalarına qarşı gələcəkləri təqdirdə buradan uzaqlaşacaqlarını tətbiqi bir şəkildə göstərmək istəmiş ola bilər. Qadağan olunmuş meyvənin də orada olması bu səbəbdəndir, Allahın digər qadağalarını təmsil edir. Hz. Adəmin dünyadakı bir bağçaya yox, həqiqi Cənnətə yerləşdirilməsinin bəzi dəlilləri bunlardır:

1. Adəm peyğəmbərin yerləşdiyi yerdən bəhs olunarkən (Əraf, 7/19) də "əl-cənnətu" ifadəsinə yer verilmişdir. "Əl-cənnətu" ifadəsi "həmin cənnət" mənasına (ingiliscədə "the paradise") gəlir. Bu da həmin "cənnət"in hamı tərəfindən bilindiyini göstərir. İlk dəfə yaradılmış birinə: "Həmin cənnətə yerləş", - deyilibsə, deməli, bu cənnət bildiyimiz mənada Cənnətdir. Çünki dünyada minlərlə bağça var və bu durumda "həmin cənnət" ifadəsinə yer verilməzdi.

2. Adəm peyğəmbərin yerləşdiyi "cənnət"in əlamətləri bildirilərkən orada aclığın, susuzluğun (Taha, 20/118-119) olmadığı bildirilmişdir. Dünyada aclıq, susuzluq duyğusunun ortadan qalxdığı fövqəltəbii bir bağça varmı?

3. Əraf surəsinin 20-ci ayəsində bildirilir ki, Şeytan Hz. Adəmə: "Burada əbədi qalmayasınız deyə, bu meyvəni qadağan etdi", - deyərək vəsvəsə vermişdir. Əbədi qalmaq dünyadaki bir bağçaya aid ola bilməz: çünki həm dünya fanidir, həm də dünyada insanlar mütləq öləcəklər. Deməli, Hz. Adəm bildiyimiz əsl Cənnətdə məskun olmuşdur. Çünki bura əbədi idi və burada məskunlaşan Hz. Adəmə: "Allah sizi buradan çıxarıb yer üzünə endirmək istəyir, əgər əbədi qalmaq istəyirsinizsə, bu meyvədən yeyin", - şəklində bir vəsvəsə vermək olardı.

4. Bildirilir ki, Adəm (əs) həmin meyvəni yediyi zaman övrət yeri açılmışdır (Əraf, 7/22). Yeyildiyi təqdirdə örtülmüş övrət yerlərini açdıracaq bir meyvə dünyanın hansı bağçasında var?

5. Bizlərə Hz. Adəmin qissəsi ilə öyüd verərkən (Əraf, 7/27) Allah buyurur: "(Şeytan) Ana-atanızı cənnətdən çıxardığı kimi, sizi də çaşdırmasın". 

Tutaq ki, Hz. Adəm dünyadakı bir bağçadan çıxarılıb. Ərəb dili qaydalarına görə ayədəki "cənnət" sözü bizə məlum olmayan bir bağçanı ifadə etsə idi, "min cənnətin" (hər hansı bir bağçadan - a paradise) şəklində olardı. Lakin ayədə "min əl-cənnəti" (həmin o "cənnət"dən - the paradise) şəklində işlənib. Deməli, bu "cənnət" bizə daha əvvəldən məlum olan bir şeydir. 

Adəmin dünyadakı bir bağçadan çıxarıldığını qəbul etsək, bu bağçanın hansı bağça olduğu bizə məlum deyil. Bizə məlum olmayan bir bağça üçün də "min əl-cənnəti" ifadəsini işlətmək səhv olardı. Deməli, ayə isbat edir ki, Hz. Adəm əbədi olan Cənnətdə məskunlaşmışdı.