Qullətəyn (su iki qülləni keçərsə, pis sayılmaz) hədisi səbəbilə Hindistan kimi yerlərdə insanlar çirkli sularla dəstamaz alır. Bu hədis doğrudurmu, necə başa düşülməlidir?

"Su iki qüllə (qullətəyn) olarsa, pis olmaz". (Əbu Davud, Taharət, 33; İbni Macə, Taharət, 75-76)
İŞİD kimi terror təşkilatlarına baxaraq İslama terror dini demək nə qədər yanlışdırsa, bu hədisin hökmünü səhv tətbiq edənlərə baxaraq da hədisi tənqid etmək o qədər yanlışdır. Bəs bu hədisi necə anlamalıyıq?

"İki qüllə"nin bugünkü ölçülərlə nə qədər olduğu xüsusunda ixtilaf vardır. Biz təhlillərimizi təqribən 206 litr olduğu yönündəki fikir əsasında aparacağıq.

Hədisdə nəzərdə tutulan şey budur: Normal şərtlərdə bir neçə litr suya düşsə, onu kirləndirəcək pis bir maddə 206 litrdən çox suya düşərsə, bu su kirlənməz və təmiz sayılar, həmin su ilə dəstamaz almaq olar. Yox əgər bu maddə 206 litr suyun belə rəngini, dadını və ya qoxusunu dəyişirsə, onda su iki qülləyə (206 litr) çatmış olsa da, pis sayılar.

Çünki "Qullətəyn" hədisinin qeyd edildiyi eyni yerdə (İbni Macə, Taharət, 76) keçən başqa bir hədisdə bildirilir ki, suyun rəngini, qoxusunu və ya dadını dəyişdirən istənilən nəcasət suyu hər bir halda pisləşdirər.

Hədis bu suala cavab verir: "Nə qədər suyun içərisinə bjr nəcasət düşüb suyun rəngini, dadını və ya qoxusunu dəyişmirsə, o su pis sayılmaz?" Cavab: iki qüllə suyun. Deməli, 206 litr suyu doldurub birinin ayağını yuduğu zaman digərinin üzünü yuması ilə "Qullətəyn" hədisində bildirilən hökm fərqlidir.