Quran-i Kərimin sadəcə əməl etmək üçün olduğu, yoxsa əməl etməklə yanaşı həm oxumanın, həm dinləmənin, həm ona hörmət etmənin savab qazandırdığı xüsusunda uzun açıqlama etməyi bu qədər önəmli məsələlərin olduğu zamanda vaxt itkisi hesab edirik.
Bu səbəblə də sizdən aşağıdakı izahlarımızı təhlil etməyinizi xahiş edirik, sonda verdiyiniz sualın cavabını özünüz tapacaqsınız.
Detektiv romanları oxumanın insana faydaları:
- İnsanın kiçik parçaları birləşdirərək bir nəticəyə gəlməsi bacarığını qazandırır.
- Hadisələrin növbəti mərhələlərini düşünmə, daha sonra nə baş verəcəyini proqnoz vermə qabiliyyəti yaradır.
- Bir məsələ haqqında bütün ehtimalları nəzərə almağa vadar edir.
- Detallara diqqət etmə qabiliyyəti yaradır.
- Sürətli qərar vermə bacarığı yaradır.
Şeir oxumanın və əzbərlmənin insana faydaları:
- Xəyal dünyasını inkişaf etdirir.
- Yaddaşı gücləndirir.
- Nitqi, diksiyanı inkişaf etdirir.
- Şeir oxuyanı oxunan şeiri dinləyənlərin hal-əhvalının, enerjisinin dəyişməsinə diqqət etməyə vadar edir, beləliklə, müşahidə qabiliyyətini inkişaf etdirir.
- Bir topluluq önündə əzbərdən şeir oxumaq özünəinamı artırır.
Quran oxumanın, əzbərləmənin, dinləmənin faydaları:
Quran oxumağın, əzbərləməyin insana heç bir faydası yoxdur, çünki Quran yalnız əməl etmək üçün göndərilib.
İndi bu suala insafla cavab tapmağınızı xahiş edirik:
Allah Quranın ən gözəl söz olduğunu (Zümər, 39/23) bildirmişdir. Görəsən, heç mümkündürmü ki, insan sözü olan detektiv romanın, şeirin və s. insana min cür faydası olsun, ancaq sözlərin ən gözəli olan Quranı oxumağın insana heç bir faydası olmasın, savab qazandırmasın?
Şeirlər yuxarıdakı faydaları qazandırmaq üçün yazılmır, lakin bu faydaları qazandırması inkar edilə bilməz. Eyni şəkildə Quran insanların onunla əməl etməsi üçündür, lakin onu oxumanın, onu dinləmənin də insana savab qazandıracağı inkar edilə bilməz...