- Bu iddianın sahibi bir neçə videosunda davamlı olaraq təkrarlayır ki, Allahdan başqa heç bir şey müqəddəs deyildir, müqəddəs olan yalnız Allahdır.
1. Hər halda bu şəxs Quran-i Kərimi anlayaraq başdan ayağa kimi oxumayıb. Əgər oxusa idi, "Allahdan başqa heç bir şey müqəddəs deyildir, müqəddəs olan sadəcə Allahdır", - deyə bilməzdi.
Taha surəsinin 12-ci ayəsində belə buyurulmuşdur: "(Ey Musa!) Şübhəsiz ki, Mən sənin Rəbbinəm. Ayaqqabılarını çıxart, çünki sən müqəddəs vadi olan Tuvadasan".
Ayədə açıqca Tuva vadisinin müqəddəs olduğu bildirilmişdir. Demək, bu ayəni anlayaraq oxumuş birinin: "Müqəddəs olan sadəcə Allahdır", - deməsi mümkünsüzdür.
2. Taha, 20/12 ayəsində Tuvaya hörmət əlaməti olaraq Hz. Musanın (əs) ayaqqabılarını çıxarması, buraya ayaqqabı ilə basmaması tələb olunmuşdur. Səbəb olaraq buranın müqəddəsliyi bildirilmişdir.
Allah Vaqiə, 56/79 ayəsində Qurana ancaq təmiz olanların toxuna biləcəyini bildirmişdir. Yuxarıdakı ayə ilə müqayisə etsək, eyni səbəblə (hörmət etmənin əmr edilməsi) Quranın da müqəddəs olduğu nəticəsi çıxar.
3. 100% pambıqdan ibarət olan köynəyin qol hissəsi yundan ola bilməz. Çünki köynək 100% pambıqdandırsa, onun qol hissəsi də pambıq materialından hazırlanmışdır.
Təşbehdə xəta axtarılmaz: Allah müqəddəsdir, Quran da Onun kəlamıdır. O halda Quran da müqəddəs olmalıdır. Çünki: "Allah müqəddəsdir, lakin kəlamı olan Quran müqəddəs deyil", - demək "Allahın bir hissəsi müqəddəsdir, bir hissəsi müqəddəs deyil", - deməyə bərabər olar ki, bu da Allaha cisim isnad etmək olar. Allaha cisim isnad etmək küfrdür. Çünki heç bir şey ona bənzəmir. (İxlas, 112/4)
Quranın müqəddəs olduğunu isbat etdikdən sonra, digər iddianın cavabına keçə bilərik.
- Quranın yazıldığı səhifələrin adi kitab səhifələrindən fərqlənmədiyini deyənlərə isə cavabımız belədir:
Ağ bir parça ilə bayrağın nə fərqi var? Material olaraq fərqi olmasa da, dəyər baxımından yerdən göyə qədər fərqi var. Belə ki, normal bir parçaya üfüqi göy, qırmızı, yaşıl zolaq çəksək, artıq o, parça olmaqdan çıxar və uğrunda canımızı verəcəyimiz bir dəyərə - bayrağa çevrilər.
Eyni şəkildə Allahın ayələrini bir kağıza yazdığımız zaman o kağız normal bir kağız olmaz, çünki üzərində müqəddəs olan Allahın müqəddəs sözləri yazılmışdır. Bir litr zəhər içinə boşaldıldığı litrlərcə suyu da zəhərə çevirdiyi kimi, Allahın ayələri üzərinə yazıldığı kağızı da müqəddəsləşdirər. Burada nə ağıla, nə də Qurana zidd bir durum vardır...
Digər tərəfdən Allah Qurana yalnızca təmiz olanların toxunabiləcəyini bildirmişdir. Toxunmaq sadəcə konkret varlıqlara aid olan bir feildir. Yəni sözə toxunmaq olmaz, sözün yazıldığı şeyə toxunmaq olar. Deməli, Quranın yazıldığı yerə ancaq təmizlər toxuna bilərsə, bu da hörmət əlamətidirsə və Taha, 20/12 ayəsi ilə müqayisə etdikdə Quranın yazıldığı yerə də hörmət qoyulması əmr edilmişdirsə, onda Quran ayələrinin yazıldığı yerlər - mushaflar da müqəddəsdir.
Bizi bir sual düşündürür: Görəsən, Allahın kəlamının və onun yazıldığı səhifələrin Allah qatında bir torpaq parçası (Tuva vadisi) qədər dəyəri yoxdurmu ki, torpaq parçası müqəddəs olsun, lakin Allahın ayələri müqəddəs olmasın?!