Bir haqq məzhəbə tabe olmağa ehtiyac olmadığını deyənlərə on sual...

1. Mumin surəsinin 29-cu ayəsində belə buyurulmuşdur: "... Firon dedi: “Mən sizə ancaq münasib gördüyüm rəyimi bildirirəm, mən sizə ancaq doğru yolu göstərirəm".

Bu ayə bildirir ki, Firon özünü doğru yolda zənn edir və insanları da haqqa çağırdığını düşünürdü. Ey heç bir məzhəbə tabe olmayan müsəlman! Birdən səhv yolda ola biləcəyini və insanları haqqa çağırdığını düşündüyün halda onları atəşə ata biləcəyini heç düşünmüsənmi?

2. Mumin surəsinin 37-ci ayəsində belə buyurulmuşdur: "(Firon dedi): Doğrusu, mən onu (Musanı) yalançı sayıram!"

Göründüyü kimi Firon doğru sözlülərin ən doğru sözlüsü olan Musanı (əs) yalançı sayırdı. Ey heç bir məzhəbə tabe olmayan, ayə və hədislərdən öz hökmünü çıxaran müsəlman! Ayələrdən çıxardığın yanlış hökmü doğru, müctəhid alimlərin çıxardığı doğru hökmü yanlış hesab edirsənsə, aqibətinin nə olacağını düşünmüsənmi?

3. Eyni ayənin davamında belə buyurulmuşdur: "Firona pis əməli beləcə yaxşı göstərildi".

Göründüyü kimi Firon öz pis əməllərinin çox yaxşı olduğunu düşünürdü. Görəsən, ey heç bir məzhəbə tabe olmayan qardaşım! Şeytan sənə də öz pis əməlini yaxşı göstərirsə, halın necə olacaq?

4. Zuxruf surəsinin 37-ci ayəsində belə buyurulmuşdur: "(Şeytanlar) onları doğru yoldan çıxardar, onlar isə özlərinin haqq yolda olduqlarını güman edərlər!"

Deməli, bəzən şeytanlar tərəfindən yoldan çıxarılmış insanlar özlərinin doğru yolda olduqlarını zənn edirmişlər. Ey bir haqq məzhəbə bağlanmayan müsəlman! Şeytanlar səni də haqq yoldan çıxarıbsa və özünü doğru yolda zənn edirsənsə, aqibətinin necə olacağını düşünmüsənmi?

5. Əraf surəsinin 12-ci ayəsində belə buyurulmuşdur: "(Allah İblisə): “Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?” - deyə buyurdu. (İblis): “Mən ondan daha yaxşıyam, çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!” - dedi".

Göründüyü kimi İblis yanlış müqayisə aparmış, özünü Adəmdən (əs) daha xeyirli hesab etmiş, bircə yanlışı səbəbilə də Allahın rəhmətindən və Cənnətdən məhrum qalmışdır. Görəsən, ey heç bir haqq məzhəbə tabe olmayan qardaşım! Sən də yanlış müqayisə aparıb özünü məzhəb imamlarından daha üstün görürsənsə və bu fikrin səni Allahın rəhmətindən və Cənnətdən uzaqlaşdıracaqsa, halın necə olacaq?

6. Casiyə surəsinin 23-cü ayəsində belə buyurulmuşdur: "Nəfsini özünə tanrı edən və Allahın bir elm üzərinə (عَلَى عِلْمٍ) yoldan çıxartdığı ... kimsəni gördünmü?"

Demək ki, insan bir elm üzərindən də yoldan çıxa bilir. Beləsinin elmi olmuş, lakin həqiqəti ortaya çıxaracaq dərəcədə elmə sahib olmamışdır. Kibri səbəbilə də özünün az elmini dərin elm sandığından yoldan çıxmışdır. Ey heç bir haqq məzhəbə tabe olmayan müsəlman qardaşımız! Sən də az elmini dərin elm zənn edib məzhəb imamlarından özünü üstün görür və Allahın bir elm üzərinə yoldan çıxartdığı insanlardan olursansa, halın necə olacaq? Bunu heç düşündünmü?

7. Əraf surəsinin 90-cı ayəsində belə buyurulmuşdur: "(Şüeyb) qövmünün kafir əyanları dedilər: “Əgər Şüeybin ardınca getsəniz, şübhəsiz ki, (çox böyük) ziyana uğramış olarsınız!"

Bu ayənin ifadəsi ilə Şüeyb (əs) qövmünün kafirləri özlərini salamatçılıqda, Şüeybə (əs) inanan müsəlmanları isə ziyanda hesab edirdilər. Ey haqq məzhəblərdən birinə tabe olmanın zəruri olmadığını deyən müsəlman qardaşım! Sən də yanlış düşüncə ilə özünü salamatçılıqda, haqq məzhəblərə uyan müsəlmanları isə ziyanda hesab edirsənsə, halın necə olacaq? Bunu heç düşündünmü?

8. Hud surəsinin 27-ci ayəsində belə buyurulmuşdur: "(Nuh) tayfasının kafir əyan-əşrafı dedilər: “Biz səni ancaq özümüz kimi bir insan sayır, elə ilk baxışda yalnız içimizdəki səfillərin sənə uyduğunu görürük. Və sizin bizdən üstün olduğunuzu da görmürük. Əksinə, biz sizi yalançı hesab edirik!"

Göründüyü kimi Nuh qövmünün kafirləri Nuhu (əs) insan olduğu üçün inkar etmişlər və özlərinin də Nuh (əs) kimi olduğunu bildirmişdirlər. Görəsən, ey heç bir haqq məzhəbə tabe olmayan müsəlman qardaşım! Sən də öncəki qövmlərin kafirlərinin öz peyğəmbərlərinə etdiklərini bu ümmətin alimlərinə edirsənsə, halın necə olacaq?

9. Hud surəsinin 43-cü ayəsində belə buyurulmuşdur: "(Oğlu ona) belə cavab verdi: “Mən bir dağa sığınaram, o da məni sudan qoruyar”. Nuh dedi: “Allahın rəhm etdiklərindən başqa, bu gün heç kəs (insanları) Onun əzabından qoruya bilməz!” Nəhayət, dalğa ata ilə oğulun arasına girib onları bir-birindən ayırdı və o da suya qərq edilənlərdən oldu".

Bu ayədə deyildiyi kimi, Hz. Nuh öz kafir oğluna gəmidən əlini uzadıb onu gəmiyə mindirmək istəmiş, oğlu isə bir dağı göstərərək bu dağın onu sudan qoruyacağını bildirmişdir. Sonda gələn dalğa onu o dağda boğmuşdur. Ey bir haqq məzhəbə tabe olmayan müsəlman! Görəsən, səni xilas edəcəyini düşündüyün elmin bu nümunədəki dağ kimi səni yanlışa düşməkdən qoruya bilməsə, halın necə olacaq, bunu düşündünmü?

10. Hər işdə elmi səviyyəni ifadə edən dosent, professor, doktor və s. kimi dərəcələr vardır. Fiqh alimləri də yeddi dərəcəyə ayrılır. Bu dərəcələr aşağıdakılardır:
  1. Müctəhid-i fiş-şər: Bu alimlər Quran, sünnət, icma və qiyasdan öz müəyyən etdikləri üsullara görə hökmlər müəyyən edə bilərlər. Dörd məzhəb imamları bu mərtəbədədir.
  2. Müctəhid-i fil-məzhəb: Bu alimlər məzhəb daxilindəki müctəhidlərdir. Yəni onlar məzhəb imamlarının qoyduğu üsul-qaydalarla İslami dəlillərdən hökmlər çıxarmış, özləri ictihad etmək üçün qaydalar qoya bilməmişdirlər. İmam Muhəmməd, İmam Əbu Yusif bu mərtəbədədir.
  3. Müctəhid-i fil-məsələ: Bu alimlər ancaq haqqında yuxarıdakı alimlər tərəfindən hökm verilməmiş məsələlərdə ictihad edə bilərlər. İmam Sərahsi, İmam Tahavi bu mərtəbədədir.
  4. Əshab-i təxric: Bu alimlər heç bir şəkildə Quran, sünnət, icma və qiyasdan hökm çıxara bilməzlər. Onların işi müctəhidlərin verdikləri qısa və qapalı hökmləri açıqlamaqdan ibarətdir. əl-Cəssas ləqəbi ilə məşhur olan böyük alim Əbu Bəkr Əhməd b. Əli ər-Razi bu mərtəbədədir.
  5. Əshab-i tərcih: Bu alimlər də Quran, sünnət, icma və qiyasdan hökm çıxara bilməzlər. Onlar ilk üç mərtəbədəki alimlərdən gəlmiş bir neçə fərqli hökm arasından seçim edə bilirlər. Əbül Həsən Kuduri bu mərtəbədədir.
  6. Əshab-i təmyiz: Bu alimlər müctəhidlərdən nəql edilələn rəvayətləri etibarlılıq dərəcələrinə görə sıralaya bilirlər. Onların kitablarında etibar görməmiş rəvayətlər olmaz.
  7. Əshab-i fətva: Bu alimlər müctəhidlərin əsərlərini çox yaxşı başa düşdükləri, zəyif rəvayətləri qüvvətli olanlardan ayıra bildikləri və müctəhidlərin fətvalarını digər insanlara açıqladıqları üçün fiqh alimlərindən sayılmışdırlar. Hər cildi 900 səhifədən çox olan altı cildlik "Rəddül-Muxtar" adlı hənəfi fiqh kitabının müəllifi olan İbni Abidin bu mərtəbəyə daxildir.
Görəsən, İmam Rəbbani, İmam Qəzali, İbni Hacər, Cəlaləddin Süyuti, İbni Mələk, Muhəmməd Xadimi, Şeyxülislam Zəkəriyya və daha necələri ilk üç mərtəbədə olduqlarını iddia etməmiş və bir məzhəbə tabe olmuş ikən, bu alimlərin əsərlərini oxuyub, ibarələri anlamaqdan aciz olan bizlərin özümüzü ilk üç mərtəbədən birində görməmiz nə dərəcədə ağla və məntiqə uyğundur?