Bir haqq məzhəbə tabe olmağın zəruri olmadığını deyənlərin suallarına cavablar...

İddia:
Mən də aliməm, niyə də ictihad etməyim? İmam Azam, İmam Şafidən nə əskiyim var?

Cavab:
Həqiqətin mahiyyəti eyni olmaqla birlikdə, müxtəlif canlılarda fərqli dərəcələrdə təzahür edir. Məsələn milçək də uçur, ancaq qartal kimi yox. Güzgü də Günəşi əks etdirir, ancaq okean kimi yox. 

Eynilə bunun kimi elmin İmam Azam və əmsallarındakı təzahürü ilə bu əsrdəki bizlərdəki təzahürü fərqlidir.

Bu, aşağıdakı nümunəyə bənzəyir: İbtidai siniflərdə riyaziyyat dərsi keçilər, lakin oradan mühəndis çıxmaz. Bəli, o da bir elmdir, lakin orada öyrədilən riyaziyyat mühəndis olmağa kifayət etmir.

Namazların belə doğru-düzgün qılınmadığı, ərəb dilini bildiyini iddia edənlərin yetərsizliklərinin şahidi olduğumuz bu əsr hicrətdən sonrakı ilk əsrlərə nisbətən ibtidai siniflərə bənzəyir. Bu əsrdə də elm öyrədilər, alim olunar, amma müctəhid oluna bilməz. Çünki bu əsrdə öyrədilən elmlər müctəhid olmaq üçün kifayət deyildir. 

Ayrıca bu sualı təkrarlamaqda fayda görürük:

Hər işdə elmi səviyyəni ifadə edən dosent, professor, doktor və s. kimi dərəcələr vardır. Fiqh alimləri də yeddi dərəcəyə ayrılır. Bu dərəcələr aşağıdakılardır:
  1. Müctəhid-i fiş-şər: Bu alimlər Quran, sünnət, icma və qiyasdan öz müəyyən etdikləri üsullara görə hökmlər çıxara bilərlər. Dörd məzhəb imamları bu mərtəbədədir.
  2. Müctəhid-i fil-məzhəb: Bu alimlər məzhəb daxilindəki müctəhidlərdir. Yəni onlar məzhəb imamlarının qoyduğu üsul-qaydalarla İslami dəlillərdən hökmlər çıxarmış, özləri ictihad etmək üçün qaydalar qoya bilməmişdirlər. İmam Muhəmməd, İmam Əbu Yusif bu mərtəbədədir.
  3. Müctəhid-i fil-məsələ: Bu alimlər ancaq haqqında yuxarıdakı alimlər tərəfindən hökm verilməmiş məsələlərdə ictihad edə bilərlər. İmam Sərahsi, İmam Tahavi bu mərtəbədədir.
  4. Əshab-i təxric: Bu alimlər heç bir şəkildə Quran, sünnət, icma və qiyasdan hökm çıxara bilməzlər. Onların işi müctəhidlərin verdikləri qısa və qapalı hökmləri açıqlamaqdan ibarətdir. əl-Cəssas ləqəbi ilə məşhur olan böyük alim Əbu Bəkr Əhməd b. Əli ər-Razi bu mərtəbədədir.
  5. Əshab-i tərcih: Bu alimlər də Quran, sünnət, icma və qiyasdan hökm çıxara bilməzlər. Onlar ilk üç mərtəbədəki alimlərdən gəlmiş bir neçə fərqli hökm arasından seçim edə bilirlər. Əbül Həsən Kuduri bu mərtəbədədir.
  6. Əshab-i təmyiz: Bu alimlər müctəhidlərdən nəql edilələn rəvayətləri etibarlılıq dərəcələrinə görə sıralaya bilirlər. Onların kitablarında etibar görməmiş rəvayətlər olmaz.
  7. Əshab-i fətva: Bu alimlər müctəhidlərin əsərlərini çox yaxşı başa düşdükləri, zəyif rəvayətləri qüvvətli olanlardan ayıra bildikləri və müctəhidlərin fətvalarını digər insanlara açıqladıqları üçün fiqh alimlərindən sayılmışdırlar. Hər cildi 900 səhifədən çox olan altı cildlik "Rəddül-Muxtar" adlı hənəfi fiqh kitabının müəllifi olan İbni Abidin bu mərtəbəyə daxildir.
Görəsən, İmam Rəbbani, İmam Qəzali, İbni Hacər, Cəlaləddin Süyuti, İbni Mələk, Muhəmməd Xadimi, Şeyxülislam Zəkəriyya və daha necələri ilk üç mərtəbədə olduqlarını iddia etməmiş və bir məzhəbə tabe olmuş ikən, bu alimlərin əsərlərini oxuyub, ibarələri anlamaqdan aciz olan bizlərin özümüzü ilk üç mərtəbədən birində görməmiz nə dərəcədə ağla və məntiqə uyğundur? 

İddia:
Peyğəmbərimizin zamanında məzhəblər yox idi, heç kimin məzhəbi yox idi. Mən niyə bir məzhəbə tabe olum? Peyğəmbərimiz Hənəfi idi, yoxsa Şafii? Hansı məzhəbdən idi?

Cavab:
Peyğəmbərin dövründə məzhəb yox idi, çünki məzhəblərə ehtiyac da yox idi. İnsanlar onları maraqlandıran sualları Peyğəmbərə verir, cavablarını da Ondan (əs) alırdılar. 

Nə zaman ki Peyğəmbərimiz vəfat etdi, müsəlmanlar suallarına cavab tapmaq üçün (daha əvvəl nəql etdiyimiz ayələrdə əmr edildiyi kimi) öz dövrlərinin alimlərinə - səhabələrin böyüklərinə müraciət etdilər. Bu, İmam Azam, İmam Malik kimi müctəhidlərin gəlişinə qədər davam etdi. Artıq onlar vəfat edəndə, demək olar ki, bölgələrindəki insanları maraqlandıran heç bir sual cavabsız qalmamışdı. Bu dörd müctəhidin ictihadları yazıya alındı, insanlar arasında yayıldı. 

Belə müctəhidlərlə yanaşı Süfyan-ı Səvri, Süfyan-ı Uyəynə, İmam Buxari kimi müctəhidlər də yaşamış, lakin onların ictihadları yayılmamışdır. 

Peyğəmbərimiz dörd haqq məzhəb üçün bir mənbə olmuşdur. Bu səbəbdən də: "Peyğəmbərimiz hansı məzhəbdən idi?" - demək məntiqsizdir. Bu sual buna bənzəyir: "Göy qurşağı nə rəngdədir?" 

Bəli, göy qurşağı hər hansı bir rəngdə deyil, lakin yeddi əsas rəngin mənbəyidir. Təşbehdə xəta axtarılmaz: Eynilə Peyğəmbərimiz Hənəfi, Maliki, Hənbəli və Şafii çayların ondan ayrıldığı bir ümman kimidir.

Rəsulullahın (əsm) dövründə bir məzhəbin olmaması sonrakı dövrlərdə yaranmış haqq məzhəblərə uymanın yanlış olduğunu deməyə əsas vermir. Belə ki, 1000 il əvvəl Ebola virusu yox idi, son dövrlərdə yaranıb. Deməli, bundan qurtulmaq üçün bir müalicəyə, dərmana və s. ehtiyac var.

Eynilə cahillik virusu Peyğəmbər dövründə yox idi. Lakin sonralar İslamın geniş kütlələrə yayılması, müctəhid səhabələrin vəfatı kimi səbəblərdən dolayı müctəhidlərə ehtiyac olmuşdur. Yaranmış cəhalət xəstəliyinin müalicəsi olan məzhəblərdən: "Peyğəmbərin zamanında cəhalət (və dolayısıyla, bu xəstəliyin müalicəsi olan müctəhidlər) yox idi", - deyərək imtina etmək bu gün müalicəsi tapılmış bir xəstəliyin müalicəsindən: "Min il əvvəl bu xəstəlik yox idi", - deyərək imtina etmək qədər məntiqsizdir. 

İctihad dövrü isə dördüncü əsrdə bitmişdir. Hicri dördüncü əsrdən etibarən ictihad edə biləcək qədər böyük bir alimin gəlmədiyi xüsusunda bütün İslam aləmi ittifaq etmişdir ki, bu ittifaqın yanlış olmadığını daha əvvəl nəql etdiyimiz ayələrdə, məntiqi dəlillərdə və verdiyimiz on sualda görmüşdünüz.

İddia:
Bir məzhəbin haram qəbul etdiyini, digəri halal olaraq görə bilir. Namazların qılınışı, halallar və haramlar Hənəfi, Şafii, Maliki və Hənbəli məzhəblərində fərqlidir. Bunlardan hansı doğrudur?

Cavab:
Dörd haqq məzhəb arasındakı ixtilaflar təfərrüat sayılan mövzulardadır. Haqqında açıq ayə və hədis, yaxud icma olan məsələlərdə məzhəblər arasında ixtilaf yoxdur. 

Məsələn bütün məzhəblərdə namaz beş dəfədir, hər biri zinanın haram olduğunu, faizin haram olduğunu qəbul edər. Bütün məzhəblərə görə namazdan əvvəl əgər yoxdursa, dəstamaz almaq lazımdır. Fərq isə dəstamazın zəruriliyi haqqında yox, bəzi hökmlərindədir.

Məsələn, dəstamazın əmr edildiyi Maidə, 5/6 ayəsinin başın məsh edilməsi haqqındakı وَامْسَحُواْ بِرُؤُوسِكُمْ hissəsində keçən بِ hərfi Ərəb dilində 18 mənaya gələ bilir. Bir mənasını (gözəlləşdirmə) əsas alsaq, onda başın hər yeri məsh edilməlidir. İmam Malik ayənin bu cür mənaya gəldiyini demişdir. Başqa bir mənasına görə bir hissəsini ifadə edər. İmam Azam bu fikirdədir və ona görə başın 1/4-i məsh edilsə, kifayətdir. Digər bir mənasını (bitişmək) əsas alsaq, onda əli başa bitişdirib, başdan bir neçə tük islansa, kifayət edər. İmam Şafii də bu fikirdədir. Göründüyü kimi, məzhəblərin bu mövzudə fərqli görüşlər bildirməsinə səbəb ayənin bir neçə cür anlaşılmağa uyğun olmasıdır.

Yenə eyni ayədəki لاَمَسْتُمُ النِّسَاء hissəsində keçən "laməsə" feili iki məna verir. Əgər bu söz "toxunma" mənasına gəlirsə, onda qadınlara toxunan bir kişinin dəstaması pozulmuş olar. Bu, İmam Şafiinin fikridir. Yox əgər "laməsə" feilini cinsi münasibət qurmaq mənasında anlasaq, onda qadına toxunan bir kişinin dəstamazı pozulmaz. Bu da İmam Azamın fikridir.

Maraqlı olan budur ki, məzhəblərin ixtilafını tənqid edənlərin özləri nəinki təfərrüatlarda, hətta açıq hökmlərdə belə ixtilaf edə bilirlər. Quranda haqqında ən çox danışılan ibadət namazdır. Dörd məzhəbə görə də namaz gündə beş dəfədir. Gəlin məzhəbləri ixtilafla tənqid edənlərə baxaq görək, bu haqda nə deyirlər?
  • Mustafa İslamoğlu, Abdülaziz Bayındır, Mehmet Okuyan: Qurana görə namaz beş dəfə qılınmalıdır.
  • Edip Yüksel, Yaşar Nuri Öztürk: Qurana görə namaz üç dəfə qılınmalıdır.
  • Recep İhsan Eliaçık: Qurana görə namaz vaxtları iki dəfədən yeddi dəfəyə qədər dəyişkənlik göstərir.
  • Hakkı Yılmaz: Qurana görə namaz adlı bir ibadət yoxdur.
Düşünün: Quranda haqqında ən ətraflı məlumat verilən ibadət olan namazın hündə neçə dəfə olduğu haqqında ixtilafa düşəcəksiniz, sonra da yalnız təfərrüat mövzuarda ixtilafa düşən mözhəbləri tənqid edəcəksiniz. Belə şey ola bilərmi?

Məzhəblərin bəzi məsələlərdə ixtilafa düşmə səbəbini öyrəndik: Sözlərin bir neçə cür anlaşılması, bir sıra ayələrin fərqli şəkillərdə başa düşülməyə uyğun olması kimi səbəblərdən dolayı məzhəblər təfərrüatda ixtilaf etmişdirlər.

Bu zaman belə sual yaranır: Dörd məzhəbin hər birinin fikirlərinin haqq olduğunu deyirik. Bu məzhəblərdən biri dəstamazda başın dörddə birini məsh etmənin lazım olduğunu, biri başı bütöv məsh etmənin lazım olduğunu, digəri başın bir neçə tükünü belə məsh etmənin yetərli olduğunu deyir. Həqiqət isə bir dənədir. Bəs bu məzhəblərdən hansı doğrudur? Necə olur ki, hər birinin fikirləri həqiqət ola bilir?

Buna cavabımız belədir:
Su beş fərqli xəstəyə görə beş fərqli hökm ala bilər.
  • Birincisinin xəstəliyinin sağalmasına kömək edir. Deməli, su içmək ona vacibdir.
  • İkincisi əməliyyatdan yeni çıxmışdır, su içmək ona zəhər kimi zərərlidir. Deməli, su içmək ona haramdır.
  • Üçüncüsünə nə zərərlidir, nə də faydalıdır. Deməli, su içmək ona halaldır.
  • Dördüncüsünə qismən zərər verir. Deməli, su içmək ona məkruhdur.
  • Beşincisinə zərər verməməklə birlikdə, faydası vardır. Deməli, su içmək ona sünnətdir.
Göründüyü kimi suyun beş hökmünün hər biri haqqdır. Siz deyə bilməzsiniz ki, su içmək halaldır, ona görə də ikinci xəstə doya-doya içsin. Çünki o, əməliyyatdan yeni çıxmışdır və su içmək ona zəhər kimi zərərlidir. Və ya deyə bilməzsiniz ki, su içmək halaldır, istəməyən içməsin. Çünki birinci xəstə bədənindən çox su itirdiyindən onun su içməmə haqqı yoxdur, içməsi vacibdir.

Eynilə suyun hökmü beş fərqli şəkildə olub hər birinin haqq olması kimi məzhəblərin də bəzən bir məsələdə bildirdikləri fərqli fikirlərin hər biri haqdır. 

Məsələn, havanın temperaturunun sıfırdan aşağı olduğu bölgələrin əhalisi üçün İmam Malikin ictihadına uymaq - dəstamazda başın hər tərəfini məsh etmək çətin olacağından, onların İmam Şafinin ictihadına uyaraq az bir hissəsini məsh etməsi və: "Biz fiqhi məsələlərdə İmam Şafinin ictihadlarını daha doğru hesab edirik", - deməsi niyə yanlış olsun?

Aydın olur ki, həm aramızdan olan alimlərə itaət etməyi (Nisa, 4/59), həm bu alimlərin - hökmlərdən nəticə çıxarmağı bacaranların hökmlərinə uymağı (Nisa, 4/83) əmr edən Rəbbimizin ayələri bəzən bir neçə şəkildə başa düşməyə uyğun etməsinin səbəbi müxtəlif şərtlər altında yaşayan müsəlmanlara rahatlıq verməyi istəməsindəndir.


İddia:
Allah Quranda firqələrə bölünmənin, dini parçalamanın haram olduğunu bildirmişdir. Məzhəblərə parçalanmaq dini bölməkdir.

Cavab:
Məzhəblər dini parçalamaq deyildir. Məsələn, məktəbdə bir neçə tarix müəllimi ola bilər. XIsinfinə tarix dərsini bir müəllim, XIsinfinə isə başqa müəllim dərs deyə bilər. Hər bir sinif eyni elmi öyrənir, lakin müəllimlər və onların öyrətmə metodları fərqlidir. İki fərqli sinfə iki fərqli müəllimin dərs deməsi iki sinif arasında düşmənçilik yaratmaz, on birinci sinifləri parçalamaz, çünki onlar son zəng tədbirində birlikdə iştirak edəcəkdirlər.

Eyni şəkildə bir qrup müsəlman fiqh elmini İmam Azamdan, bir qismi İmam Şafidən öyrənir. Elm eyni elmdir, lakin müəllimlər və onların öyrətmə (ictihad) metodları fərqlidir. Bu da iki qrupu bir-biri ilə düşmən deyildir. Hənəfilər Şafii imamların, Şafiilər Hənəfi imamların arxasında namaz qılırlar. Hənəfilər və Şafiilər eyni ordunun tərkibində düşmənə qarşı vətəni müdafiə edirlər.

Deməli, bir haqq məzhəbə tabe olmanın dini parçalamaq olduğunu demək müsəlmanlara iftiradır.