Uca Allahın ayələri iki qisimdir; birincisi kitabı olan Quran-i Kərimdə yer almış ayələr, ikincisi isə kainat səhifələrində yazılmış qüdrət ayələridir.
Bizlər ikinci növə daxil olan ayələri öyrənmək üçün işin mütəxəssislərinə baş vururuq. Məsələn, dəniz səhifələrinə yazılmış ayələri - balıqları, sualtı canlıları öyrənmək üçün işin mütəxəssislərinə baş vurur, onların hidrosfer haqqındakı kitablarını oxuyuruq. Dalğıc paltarı geyib suya dalmırıq.
Göy üzü səhifələrində yazılmış planet ayələrini, ulduzları öyrənmək üçün astronomiya elminin mütəxəssislərinə baş vururuq. Teleskop alıb səmaları izləməyə ehtiyac duymuruq.
Bəs niyə birinci qrup ayələri - Quran ayələrini də anlamaq üçün eynisini təkrar edib bu işin mütəxəssisi olan müctəhid alimlərə baş vurmayaq?
Yəni astronomiyadan xəbəri olmayan biri Günəşi alma boyda zənn etdiyi halda, bu işin mütəxəssisləri onun yerdən 1300000 (bir milyon üç yüz min) dəfədən daha böyük olduğunu bilər. Tibb elmindən anlamayan biri qana baxdığı zaman sadəcə qırmızılıq gördüyü halda, tibb elmini bilən birisi qandaki eritrosit, leykosit, trombositləri görə bilər.
Görəsən Quranın hərəkələrini silsək və sadəcə hərflərini saxlasaq, heç bir məzhəbə tabe olmayanlar onu üzündən oxuya bilərlərmi? Nəinki hərəkəsiz olanını, heç hərəkli olanını belə üzündən oxumaqdan aciz olan, bir səhifədə bir neçə dəfə səhvə yol verən bizlərin böyük məzhəb imamlarından özümüzü üstün görməmiz nə dərəcədə doğrudur?
Qısacası, hər bir ağıl sahibi bir az insaflı olsa: "Allahın kainatdakı ayələrini belə işin mütəxəssisləri olan alimlər olmadan öyrənə bilmiriksə, daha mükəmməl olan Quran ayələrini özbaşımıza necə anlayaq?" - deyə düşünər və haqq məzhəblərdən birinə bağlanmanın vacibliyini dərk edər.