Peyğəmbərimizin Qurandan əlavə möcüzə göstərdiyinə üçüncü dəlil...

Qamər surəsinin birinci ayəsində Rəbbimiz belə buyurmuşdur: "O saat yaxınlaşdı və ay yarıldı".

Hicrətdən öncə Vəlid ibnu Muğirə, Əbu Cəhil, Nadir ibnu Haris kimi müşriklər Peyğəmbərimizə (əsm) dedilər ki, əgər həqiqi peyğəmbərdirsə, onda ayı yarısı Əbu Qubeys dağının, yarısı da digər dağın üzərində görünəcək formada ikiyə ayırsın. Allah bu xüsusda Peyğəmbərimizin istəyini qəbul etdikdən sonra Peyğəmbərimiz (əsm) müşriklərə toplanmalarını xəbər verdi və ayı Allahın izni ilə iki yerə ayırdı. Bunu görən müşriklər: "Muhəmməd bizi sehrlədi!" - dedilər. Aralarından biri: "Muhəmməd bizi sehrlədisə də, bütün insanları sehləyə bilməz ki. Başqa yerlərdən gələnləri gözləyək, onlardan soruşaq", - dedi. Gözlədilər, başqa yerlərdən gələn ərəblər də ayın yarıldığını gördüklərini desələr də, müşriklərin bunun sehr olduğu xüsusundakı fikirləri dəyişmədi.

Elə Qamər surəsində də səhabələrin, hədis alimlərinin, bütün müfəssirlərin, kəlam elmi alimlərinin və ümmətin təsdiq etdiyi bu möcüzə - ayın yarılması möcüzəsindən bəhs edilmişdir. Qamər surəsinin birinci ayəsi də Peyğəmbərimizə Qurandan əlavə verilən möcüzələrdən birini inkar edilməz şəkildə isbat etməkdədir. Ayədəki: "... ay yarıldı", - ifadəsinin keçmiş zamanda işlədilməsi bu hadisənin baş verib bitdiyini sübut edir. Ümmətin bu möcüzənin Peyğəmbərimizin zamanında baş verdiyi xüsusundaki fikri də, bu möcüzəni Peyğəmbərimizin göstərdiyinin isbatıdır. 

Burada belə bir sual yaranır: Ümmət-i Muhəmmədin əksər hissəsinin bir mövzuda ittifaq etməsi o mövzunun həqiqət olduğunun dəlili ola bilərmi? 

Yəni ümmətin əksər hissəsi: "Ayın Peyğəmbərimiz tərəfindən yarılması həqiqətdir və Rəsulullaha (əsm) Qurandan əlavə möcüzələr də verilmişdir", - deyirsə, bu fikrə inanmalıyıq? Və ya Quranın: "Ümmətin əksər hissəsinin fikrinə qeyd-şərtsiz uyun, etimad edin!" - şəklində bir əmri vardırmı?

Nisa surəsinin 115-ci ayəsində belə buyurulmuşdur: "Kim ki doğru yol ona bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxar və möminlərin yolundan başqa bir yola uyarsa, onu üz tutduğu yolda qoyar və Cəhənnəmə soxarıq. Ora nə pis dönüş yeridir!"

Bu ayənin bəyanı ilə möminlərin yolundan başqa bir yola uymaq haramdır. Haram olan bir şeyi tərk etmək də vacib olduğundan, möminlərin yoluna uymaq da vacibdir. Bundan əlavə ayədə müsəlmanlara Cəhənnəmə getmə səbəblərindən ikisi göstərilmişdir. 
  1. Peyğəmbərə qarşı çıxmaq
  2. Möminlərin yolundan başqa yola uymaq
Bildiyimiz kimi Peyğəmbərə qarşı çıxmaq Allaha qarşı çıxmaq (Nisa, 4/80) sayılacağından, bunun özü Cəhənnəmə getmək üçün yetərli olardı. Əgər möminlərin yolundan başqa yola uymaq təkbaşına Cəhənnəmə girmə səbəbi olmasaydı, Peyğəmbərə qarşı çıxmanın yanında yer almazdı. Çünki təkbaşına Cəhənnəmə girməklə təhdid edən bir səbəbin (Peyğəmbərə qarşı çıxmanın) yanında təhdid edəcək dərəcədə ciddi olmayan bir şeyin (möminlərin yolundan başqa yola uymanın) yer alması bəlağət qaydalarına zidd olar və Quranda yersiz fikirin olduğunu göstərərdi. Halbuki Quran bəlağətin bir incisidir və onda yersiz bir hərf belə yoxdur. 

Deməli, həm Peyğəmbərə qarşı çıxmaq, həm də möminlərin yolundan başqa yola uymaq təkbaşına Cəhənnəmə girmə səbəbidir, möminlərin yolundan başqa yola uymaq - haqqında yekdil bir fikir olan, ümmətin əksər hissəsinin ittifaq etdiyi bir məsələyə müxalifət etmək haramdır. 

Qısacası, Nisa surəsinin 115-ci ayəsi açıq şəkildə möminlərin yolundan başqa yola uymağın, bir məsələnin doğruluğu və ya yanlışlığı haqqında ümmətin əksər hissəsinin etdiyi ittifaqa qarşı çıxmanın haram olduğunu bildirir.

Onda Qəmər surəsində bəhs edilən ayın yarılması möcüzəsinin doğru olub-olmadığı xüsusundaPeyğəmbərimizə Quran xaricində möcüzə verilib-verilmədiyi mövzusunda ən doğru fikri əldə etmək üçün ümmətin bu məsələyə olan münasibətinə baxaq:

Ümmət-i Muhəmmədin əksər hissəsi - bütün səhabələr, müfəssirlər, kəlam alimləri, övliyalar həm ayın yarılması möcüzəsinin gerçək olduğu barəsində, həm də Peyğəmbərimizin Qurandan əlavə möcüzələr göstərdiyi barədə ittifaq etmişdir. Bu halda Nisa surəsinin 115-ci ayəsinin bəyanına görə də həm ayın yarılması möcüzəsi gerçəkdir, həm də Peyğəmbərimizin Qurandan əlavə möcüzələri vardır.

Bütün bu izahlardan sonra: "Quranda Peyğəmbərimizin heç bir möcüzəsindən söz açılmır", - deyənlərə bəzi suallarımız olacaqdır:
  1. Siz heç Qamər surəsinin birinci ayəsini oxumamısınız və nazil olma səbəbinə baxmamısınız?
  2. Quranın Qamər surəsində də ayın yarılması möcüzəsindən danışılmağına baxmayaraq necə olur ki, Peyğəmbərimizin Qurandan əlavə möcüzə göstərmədiyini deyə bilirsiniz?
  3. Yoxsa, sizə görə Peyğəmbərimizin bir barmaq hərəkəti ilə ayın iki yerə bölünməsi bir möcüzə deyildirmi? Əgər bunu möcüzə saymırsınızsa, onda siz də barmağınızı qaldırın və ayı iki yerə ayırmağa çalışın. Həqiqətən, bu hadisənin möcüzə sayılmaması üçün hamı tərəfindən edilə bilinməsi lazımdır.
  4. Yoxsa, siz: "Ay yarıldı, öz gözlərimizlə gördük", - deyən bir çox doğru sözlü səhabələrə, ayın yarılmasını təsdiq edən bu qədər alimə, müfəssirə, övliyaya - bir sözlə, ümmətin böyük qisminə yalançı deyirsiniz? Əgər belə edib möcüzəni inkar edirsinizsə, Nisa surəsinin 115-ci ayəsinin bəyanına görə haram bir iş gördüyünüzü və ümmətin bu məsələdəki fikrinə uymanız lazım gəldiyini nəzərinizə çatdırırıq.
Əziz müsəlmanlar! Ayın yarılması möcüzəsin haqq olması Günəş kimi açıq-aydın olduğu halda, yenə bəziləri bu ayədə o möcüzədən bəhs edilmədiyini, ayın daha öncə yarılmadığını və Peyğəmbərimizə Qurandan başqa möcüzənin verilmədiyini demək üçün bir sıra iddialar və şübhə yaradan suallar ortaya atırlar. Gəlin onların iddialarını razı salıcı bir şəkildə cavablamağa çalışaq və onların Quranı anlamaqdan, həqiqətdən nə qədər uzaq olduqlarını göstərək...

İddia:
Qamər surəsinin birinci ayəsindəki "yarıldı" feilinin keçmiş zamanda olması, bu möcüzənin baş verdiyinə dəlil deyildir. Çünki oradakı "saat (Qiyamət) yaxınlaşdı" ifadəsinin feili də keçmiş zamandadır. Halbuki 1400 il keçməsinə baxmayaraq Qiyamət qopmayıb. Quranda keçmiş zamanlı feillər gələcək zaman məzmunu ifadə edə bilir. Məsələn, Təbbət surəsində "Əbu Ləhəbin əlləri qurudu" şəklindəki ifadə "... əlləri qurusun" şəklində tərcümə olunur. Deməli, ayənin tərcüməsi belə olmalıdır: Qiyamət yaxınlaşacaq və ay yarılacaq. Belə olduqda ayın yarılması möcüzəsindən söhbət belə gedə bilməz.

Cavab:
Bir əşyaya daha yaxın olan bir insanın o əşya haqqındakı sözləri həmin əşyadan çox uzaqda olan, amma çox savadlı olan bir insanın əşyaya dair sözlərindən daha doğru məlumatı əks etdirir. Məsələn, yıxılıb qalmış bir insanın yanında olan ikinci kurs tibb tələbəsinin həmin adam haqqında dedikləri həqiqətə o adamı kilometrlərcə uzaqdan görən tibb professorunun qoyduğu diaqnozdan daha yaxın olacaqdır.

Eyni şəkildə ayın yarılması möcüzəsinin baş verdiyi əsrdə, həmin möcüzənin olduğu anda yaşayan səhabələrin bu möcüzə haqqındakı sözləri bu hadisədən 1400 il sonra yaşamış və həmin hadisədən xeyli uzaqlara düşmüş bizlərin sözümüzdən daha doğru olacaqdır. Nisa surəsinin 115-ci ayəsinin də isbat etdiyi kimi, "Ay yarıldı, öz gözümüzlə gördük", - deyən bu qədər səhabənin, alimin, müfəssirin, ümmətin fərdlərinin sözü həqiqəti əks etdirir və bu möcüzə baş vermişdir. Bu, açıq-aydın ortalıqdadır...

O ki qaldı keçmiş zamanın gələcək zaman məzmunu ifadə etməsi başlıqlı iddiaya, bu iddiadakı: "saat (Qiyamət) yaxınlaşdı" ifadəsinin feili də keçmiş zamandadır. Halbuki 1400 il keçməsinə baxmayaraq Qiyamət qopmayıb", - fikri tamamilə yanlışdır.

Belə ki, Qiyamət bir insanın ömrünün sona çatması deyil, kainatın öz ömrünü başa vurmasıdır. Biz insanlar, orta hesabla, 50-60 il ömür sürürük. Əgər insanın əcəlinin yaxınlaşmasından bəhs etsək, bu, insanın ömründən 3-4 ilinin qaldığı mənasına gələr. Elə kəpənək növləri vardır ki, bir neçə gün yaşayırlar. Əgər onların əcəlinin yaxınlaşdığını desək, ölümə son bir neçə saatlarının qaldığını nəzərdə tutmuş olarıq. Hz. Nuh (əs) 950 il (Ənkəbut, 29/14) yaşamışdır. Əgər Hz. Nuh ömrünün sonuna yaxınlaşıb deyilsə, onun ölümünə 60-70 il qaldığı başa düşülər ki, bu da bir insanın ömrünə bərabərdir.

Qısacası, bir məxluqun əcəlinin/sonunun yaxınlaşdığı deyildikdə, ömrünün bitməsinə nə qədər vaxt qaldığı o məxluqun ömründən asılıdır. Kəpənəkdə bir neçə saat, insanda bir neçə il və s.

Madam ki Qiyamət bir insanın ömrünün sona çatması deyil, kainatın öz ömrünü başa vurmasıdır, onda Qiyamətin yaxınlaşdığından söz düşərsə, kainatın sonuna nə qədər vaxtın qaldığı elə kainatın ömrünə nisbətlə hesablanmalıdır. Elmi araşdırmalar da kainatın milyardlarca il əvvəl yaradılmış olduğunu isbat etmişdir. O halda 2000-3000 il kainatın ömrünün, bəlkə də, "son saniyələridir". Deməli, "1400 il keçməsinə baxmayaraq Qiyamət qopmayıb, ona görə də ayədəki feilləri gələcək zamanda başa düşməliyik", - iddiası yanlışdır.

Bundan başqa Quranın digər ayələrində də Qiyamətin yaxınlaşdığından bəhs olunur. Məsələn: "İnsanların haqq-hesab vaxtı yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər". (Ənbiya, 21/1) 
"Yaxınlaşan (qiyamət) yaxınlaşdı". (Nəcm, 53/57)

Digər bir tərəfdən, Təbbət surəsində keçmiş zamanda işlənmiş bir feilin gələcək zaman mənası verməsi, o feilin dua bildirməsi səbəbindəndir. Belə ki, alqışlar, qarğışlar, mütləq baş verəcək hadisələr keçmiş zaman formasında işlənilir. Qamər surəsində isə belə bir hal yoxdur.

Keçmiş zamanlı bir feili gələcək zamanda anlamaq üçün orada mütləq bir amil olmalıdır. Məsələn, "أَتَى أَمْرُ اللّهِ Allahın əmri (Qiyamət) gəldi. فَلاَ تَسْتَعْجِلُوهُ Artıq onu tələm-tələsik istəməyin!" (Nəhl, 16/1)

Buradakı "Allahın əmri (Qiyamət) gəldi" ifadəsinin feili keçmiş zamandadır. Bundan anlamalıyıq ki, artıq Qiyamət qopub. Lakin sonrakı "Artıq onu tələm-tələsik istəməyin!" ifadəsi bir sual yaradır: Qiyamət qopubsa, onun tez baş verməsini artıq niyə/necə istəyək ki? Deməli, feili keçmiş zamanda başa düşmək olmur. Onda gələcək zamanda anlayırıq və "Allahın əmri (Qiyamət) gələcəkdir. Artıq onu tələm-tələsik istəməyin!" şəklində tərcümə edirik.

Qamər surəsinin birinci ayəsində feillərin keçmiş zamanda tərcümə olunmasına mane olan heç bir amil olmadığından, öz kefimizə görə gələcək zamanda başa düşə bilmərik.

İddia:
Bu hadisə baş veribsə, bütün dünyadan görünüb. Bəs niyə heç bir tarixi mənbədə, başqa ölkələrin kitablarında bu barədə yazılmayıb? Bəs niyə ayın üzərində hər hansı bir yarıq izi aşkar edilməyib? Deməli, belə möcüzə olmayıb!

Cavab:
Əvvəla bizə isbat edin ki, indi deyəcəyimiz iki ehtimal yanlışdır: 
  1. Bu hadisə baş verib və bu hadisəni görən çinlilər, avropalılar bu hadisəni tarix kitablarına qeyd ediblər. Daha sonralar baş verən müharibələr, təbii fəlakətlər nəticəsində bir çox kitabların məhv olması, astronomiyaya, tarixə diqqət edilməməsi kimi səbəblər ucbatından bu qeydlər günümüzə gəlib çatmayıb.
  2. Bu hadisə baş verib və bu hadisəni görənlər bu hadisəni tarix kitablarına qeyd ediblər. Daha sonralar bunun Quranda da var olduğunu görüb İslamın düzgünlüyünün isbat olunmasına öz tarix kitabları ilə xeyir verməmək üçün bu qeydləri yox ediblər.
Bizim bu iddiaya verəcəyimiz cavab bu deyil, lakin iddianın yanlış ola biləcəyini göstərən bir neçə ehtimalı nəql etməkdə fayda gördük. İndi yazacaqlarımızla da iddianın yanlış ala biləcəyini yox, bilavasitə yanlış olduğunu anlayacaqsınız.

Bu hadisəni bütün dünya gördüyü halda niyə tarix kitablarında öz əksini tapmayıb?

Hindistanda tapılmış bir heykəlin üzərində: "(Bu heykəl) ayın yarıldığı ildə hazırlanıb", - ifadələri həkk olunmuşdu. Bu da isbat edir ki, ayın yarıldığı Cənubi Asiyadan da müşahidə olunmuş və tarixə qeyd edilmişdir.

Ayın yarıldığı dövrdə Çin, Mərkəzi Asiya kimi yerlərdə sülalələrin növbələşməsi, döyüşlərin olması, yeni türk dövlətlərinin yaranması, Məkkədə gecə yarısı olduğu vaxt (ayın yarıldığı vaxt) saat fərqindən dolayı bu bölgələrdə insanların yuxuda olması səbəbilə ya tarix kitablarına həmin hadisə qeyd edilməmişdir, ya qeyd edilmiş tarixi mənbələr hansısa muzeydə onu aşkara çıxaracaq tədqiqatçıları gözləməkdədir, ya da monqol hücumları kimi dəhşətli zamanlarda həmin mənbələr yandırılmış, məhv edilmişdir.

Amerika tarixi mənbələrində bu hadisənin qeyd edilməsi qeyri mümkün idi. Əvvəla, VII əsrdə orada mədəni dünya öz təşəkkülünü tapmamışdı. İkincisi, Məkkədə gecə yarısı olarkən, saat fərqindən dolayı Amerikada gündüz olur və bu zaman yarılmış formada olsa belə, ayı görmək qeyri-mümkündür.

XI əsrə - Səlib yürüşlərinə qədər mədəniyyətin nə olduğunu bilməyən, bu möcüzənin baş verdiyi dövrdə gündəmi də Xalqların böyük köçü, yeni dövlətlərin meydana gəlməsi, hərbi hücumların baş verməsi kimi mürəkkəb tarixi-siyasi proseslərlə məşğul olan avropalıların bu möcüzəni öz kitablarına qeyd etmələrini gözləmək onsuz da yersiz olardı.

Bu da unudulmamalıdır ki, ayın yarılması möcüzəsi gecənin gec vaxtlarında bir sıra müşriklərə nübüvvəti isbat etmək üçün ani olaraq, qısamüddətli göstərilmiş bir möcüzədir. Allahın bu möcüzəni yaratmaqdakı məqsədi bütün insanlığa ayın yarıldığını göstərmək olmamışdır. Bu səbəbdən də bulud, duman kimi çeşidli vasitələrlə digər ölkələrdəki insanların görmələrinə əngəl olmuşdur. Unutmayaq ki, Allah ayı yarılmış vəziyyətdə saatlarca saxlasa idi, bu hadisə günümüzdəki Taos uğultusu kimi adiləşər, bəsit təbiət hadisəsi sayılardı. Amma yenə də Hindistandan tapılmış o heykəl, möcüzələri inkar edənlərin bu iddiasına cavab mahiyyətindədir. 

O ki qaldı ayın üzərində yarıqların olub-olmaması məsələsinə, "Əgər ayın üzərində yarıqlar yoxdursa, onda belə möcüzə baş verməmişdir", - deyənlər! Onda ayın üzərində yarıqlar varsa, bu möcüzə baş vermişdir? Əgər cavabınız müsbətdirsə, bu şəkilə diqqətlə baxın:


NASA-nın son illərdəki araşdırmaları nəticəsində ayın üzərində bir sıra yarıqlar aşkar edilmişdir. Bunların ayın yarılma möcüzəsi ilə bağlılıq dərəcəsi mübahisə məsələsidir, lakin güman edirik ki, bu şəkil: "Ayda yarıqlar aşkarlanmayıb, deməli, ay yarılmayıb", - deyənlərə kifayət edər. 

Sonda deyirik ki, Allah bir vulkan püskürməsi ilə nəhəng dağları parçalayırsa, bu sonsuz sayda qalaktika içindəki bu qalaktikamızda bir qum dənəsinə bənzəyən ayı Peyğəmbəri üçün həm yaracaq, həm də yarıq izi saxlamadan birləşdirəcək qüdrətə malikdir.

Gəlin Peyğəmbərimizin Qurandan əlavə möcüzə göstərdiyinin üçüncü dəlilini burada yekunlaşdıraq və dördüncü dəlilimizə keçək...