Qəbir əzabının olduğuna dair üçüncü dəlil...

Bəqərə surəsinin 28-ci ayəsində belə buyurulmuşdur: "Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O sizi diriltdi. O sizi yenə öldürəcək, sonra yenə də dirildəcək və daha sonra siz Ona tərəf qaytarılacaqsınız".

Ayənin əvvəlindəki كَيْفَ تَكْفُرُونَ بِاللَّهِ hissəsinin mənası Allahı necə inkar edirsiniz? şəklindədir. Davamındakı وَكُنتُمْ أَمْوَاتاً hissəsindəki أَمْوَاتاً sözünün mənası ölülər deməkdir. Yəni sizlər ölü idiniz şəklində tərcümə olunur. Burada nəzərdə tutulan insanların doğumdan əvvəl atalarının bel sümüklərində nütfə şəklində olduqları haldır.  فَأَحْيَاكُمْ hissəsinin mənası isə sonra sizi diriltdi şəklindədir. Yəni bu diriliş ana bətninə düşən kimi Allahın həmin nütfəyə həyat verməsi ilə dünyaya gəlməsidir. Ayənin bu hissəsi dünya həyatının başlandığına işarə edir.

ثُمَّ يُمِيتُكُمْ cümləsi sonra sizi öldürəcək mənasındadır. Bununla əcəlin gəldiyi zaman dünya həyatının sona çatması nəzərdə tutulur. Ayənin davamında gələn ثُمَّ يُحْيِيكُمْ hissəsinin mənası isə sonra sizi dirildəcək şəklindədir. Burada qəbirə qoyulan ölünün orada dirilməsi nəzərdə tutulur. ثُمَّ إِلَيْهِ تُرْجَعُونَ cümləsi isə sonra ona qaytarılacaqsınız mənasındadır. Bununla da Qiyamət günü məzardakı ölülərin məhşər meydanına toplaşacağı nəzərdə tutulub. (Ölülər necə dirilə bilər? sualı sizi düşündürürsə, buraya tıklayın).

Bizim bu izahımıza bu şəkildə etiraz edilə bilər: Siz ikinci dirilmənin qəbirdə olduğunu dediniz. Halbuki ikinci dirilmə Qiyamət günü baş verəcək və qəbirdəkilər o zamana qədər ölü olaraq qalacaqlar. İkinci dirilmənin qəbirdə olduğu nə məlumdur?

Bu sözə qarşı cavabımız belədir: Ərəb dilində sonra mənasına gələn iki söz vardır. فَ və ثُمَّ ədatları. فَ (fə) ədatı yaxınlıq məzmunu bildirir və bir şeyin başqa şeydən həmən sonra, tez baş verməsini bildirir. Məsələn, جَاءَ أَحْمَدُ فَعُمَرُ cümləsinin mənası Əhməd Ömər gəldi şəklində olacaqdır. Buradakı فَ ədatı göstərir ki, Əhməd ilə Ömər çox yaxın bir zamanda, bəlkə, bir birindən bir neçə dəqiqə fərqlə gəlmişdirlər. Yəni iş yaxın zamanda baş vermişdir. Lakin فَ ədatının işlənməsi Əhmədin Ömərdən əvvəl gəlmiş olduğunu göstərir.

ثُمَّ (sümmə) ədatı isə uzaqlıq ifadə edir. İki şey arasında uzun müddətin olduğunu bildirir. Məsələn, جَاءَ أَحْمَدُ ثُمَّ عُمَرُ cümləsinin mənası Əhməd gəldi, sonra Ömər gəldi şəklindədir. ثُمَّ sözünün istifadə olunması göstərir ki, Ömərin gəlişi Əhməddən uzun müddət sonra olmuşdur, bəlkə də, Ömər Əhməddən günlər sonra gəlmişdir.

Ayənin sonunda ثُمَّ إِلَيْهِ تُرْجَعُونَ buyurulmuşdur. Bu cümlə sonra ona qaytarılacaqsınız mənasını verir. Əgər iddiadakı kimi ikinci dirilmə qəbirdə yox, Qiyamətdən həmən öncə olsa idi, burada ثُمَّ إِلَيْهِ تُرْجَعُونَ deyilməz, فَإِلَيْهِ تُرْجَعُونَ deyilərdi. Yəni yaxınlıq bildirən ədatı işlənərdi. Lakin belə olmayıb. İkinci dirilmə ilə Allaha qaytarılma arasında uzun zamanın olduğu ifadə edilib. Deməli, ikinci diriliş Qiyamətdən çox öncə qəbirlərdə baş verəcək.

Belə olduqda Bəqərə surəsinin 28-ci ayəsi qəbir həyatının olduğunu isbat edir.

Gəlin qəbir əzabının olduğuna dair üçüncü dəlilimizi burada yekunlaşdıraq və dördüncü dəlilimizə keçək...