Təvəssülə şirk deyənlərin iddialarına cavablar...

İddia:
İmam Azam və İmam Alusi təvəssülün caiz olmadığını demişdirlər. Bu da təvəssülün doğru olmadığını göstərir.

Cavab:
1. "Dua edən kimsənin: "Filanın haqqı üçün və ya nəbilərin və rəsulların haqqı üçün və ya Beytül-Haramın və Məşaril-Haramın haqqı üçün səndən istəyirəm", - deməsi məkruhdur".

İmam Azam həzrətlərinin təvəssül haqqındakı düşüncəsi bu şəkildədir. 

Onun bu sözləri mötəzilə məzhəbinin: "Edilən xeyirli iş qarşılığında qula savab verməsi Allaha vacibdir", - fikrinə qarşı çıxmaq üçündür. İmam Azam həzrətləri "Filan qulunun haqqı üçün" deyərək dua etməyi məkruh saymışdır. Çünki heç bir qulun Allah üzərində bir haqqı yoxdur.

Ancaq: "Filan qulunun xətrinə və ya hörmətinə..." - şəklində dua etmək İmam Azama görə caizdir, yanlış deyildir. Həmçinin "Filankəsin haqqı üçün..." ifadəsi ilə də "xətrinə, hörmətinə" mənası nəzərdə tutulubsa, yenə caizdir.

Göründüyü kimi İmam Azam həzrətləri yuxarıdakı sözü ilə təvəssülü məkruh saymamış, bunu sadəcə olaraq mötəziləyə qarşı çıxmaq, heç bir şeyin Allaha vacib olmayacağını bildirmək niyyəti ilə demişdir.

2. İmam Alusiyə görə Peyğəmbərimizin zatı və məqamı ilə təvəssül edilə bilər (Ruhul-Bəyan, VI, 128). Həmçinin Allah qatında üstün məqama sahib olduğu dəqiq bilinən insanlarla da təvəssül edilə bilər. Lakin vəli olduğu dəqiq bilinməyən insanlarla: "Allahım, dostun filankəsin xətrinə bu duamı qəbul et", - şəklindəki təvəssülü doğru saymamışdır. Çünki həmin adamın Allah dostu olması məchuldur.

Qısacası, Alusiyə görə "Dostların xətrinə..." - deyərək təvəssül edilə bilər, ancaq "Dostun filan zat hörmətinə..." - demək doğru deyil.

Yəni nə İmam Azam, nə İmam Alusi təvəssülü inkar ediblər. Hətta İbni Təymiyəyə qədərki yeddi əsr boyu bircə alim təvəssülü yanlış saymamışdır.

İddia:
Fatihə surəsinin 5-ci ayəsində: "Yalnızca səndən yardım istəyirik", - buyurulmuşdur. Ali İmran surəsində də yardımın ancaq Allah qatından olduğu bildirilmişdir. Halbuki təvəssül edərək: "Yetiş, ya Abdulqədir Gilani", - deyən adam yardımı Allahdan istəmiş olmur. Bu şirk deyilsə, nədir?

Cavab:
1. Xəstələndiyiniz zaman həkimə: "Yardım edin, həkim, çox ağrım var", - dediyiniz zaman şirkəmi düşürsünüz? Ya da həkim bütün ağrılarınıza baxmayaraq: "Get, yardım ancaq Allahdandır, məni Allahla arana soxma", - desə necə olar?

Təsəvvür edin ki, dənizdə boğulursunuz. Bu zaman yardım istədiyiniz sahildəkilər: "Olmaz, şirkə düşmə, Allahdan yardım istə", - desələr, bunu necə qarşılayarsınız?

Allahdan başqasından yardım istəmək şirkdirsə, onda şirkə düşməmiş heç bir insan qalmaz. 

Hz. İsa (əs) Ali İmran, 3/52 ayəsində bildirildiyi kimi, Allah yolunda ona kimin yardım edəcəyini soruşmuşdur. Halbuki: "Allahım, mənə yardım et", - deyə bilərdi. Hz. Süleyman ətrafındakılardan ona taxtı kimin gətirə biləcəyini soruşmuşdur. Göründüyü kimi, peyğəmbərlər də insanlardan yardım istəmişdirlər. Deməli, Hz. İsa və Hz. Süleyman da şirkə düşüb?

2. Allah öz qullarına nemətləri səbəblər vasitəsilə verir. Məsələn, südü O bəxş edir, ancaq inək, qoyun vasitəsilə. Yumurtanı O verir, ancaq toyuq vasitəsilə. "Südü yaradan Allahdır, onda inəyi kəsək, ona ehtiyac yoxdur", - demək və ya: "Yumurtanı yaradan Allahdır, toyuğu kəsək getsin", - demək nə qədər doğrudur?

Bizə düşən səbəblərdən istifadə edib nəticənin Allahdan olduğuna iman etməkdir.

"Yardım et, həkim", - deyən biri şirkə düşməz. Çünki o, yardımın sadəcə Allahdan olduğunu, həkimin isə buna bir vasitə olduğunu bilir.

Təvəssül də belədir. "Yetiş, ya Abdulqədir Gilani!" - deyən birinin nəzərdə tutduğu şey: "Allahım, dara düşdüm, Abdülqadir Gilanini yardımıma göndər, onun vasitəsilə mənə yardım et", - düşüncəsidir. Bunu düşünmədən yardımı bilavasitə təvəssül edilən şəxsdən, məsələn Abdülqadir Gilanidən istəmək caiz deyil.

Qısacası, təvəssül yardımı Allahdan bilmək, lakin aradakı vasitələrdən istifadə etməkdir. Eynilə meyvəni Allahın yaratdığını bilib ağacdan vasitə olaraq istifadə etmək kimidir. Fatihə surəsinin 5-ci ayəsi və digərlərinə zidd deyil.

İddia:
Zümər surəsinin 3-cü ayəsində belə buyurulub: "Allahı qoyub özlərinə dost tutanlar: “Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!” (deyirlər)". Göründüyü kimi müşriklər Allaha yaxınlaşmaq üçün bütlərə ibadət edirlər. Təvəssül edənlər də Allaha yaxınlaşmaq üçün təvəssül edirlər. Təvəssül ilə bütə ibadət arasında heç bir fərq yoxdur.

Cavab:
Təvəssülü inkar edənlər sadəcə bütlər haqqındakı bu və digər ayələri dəlil göstərirlər. Halbuki təvəssül və bütə ibadət aradında tonlarca fərq var.

1. Bütə ibadət edən bütü ilah qəbul edir. Təvəssül edən isə ancaq Allahı mütləq güc sahibi və ilah bilir.

2. Bütə ibadət edən bütdən istəyir. Təvəssül edən isə Allahdan istəyir.

3. Bütlər Allahın düşmənləridir. Allah bütləri Cəhənnəmə atacağını bildirir. Təvəssül edilən saleh qullar isə Allahın dostlarıdır. Rəbbimiz onları tərifləyir və Cənnətinə alacağını bəyan edir.

4. Bütə ibadət edən bütə səcdə edir, yardımın ondan gələcəyini düşünür. Təvəssül edən isə ancaq Allaha səcdə edir, yardımın Allahdan gələcəyini, təvəssül etdiyi zatın isə bir vəsilə olduğunu bilir.

5. Bütə ibadət edən Allahı xatirinə gətirməz. Onun ilahı və sevgilisi bütdür. Təvəssül edən isə Allahı düşünər, onun ilahı və sevgilisi Allahdır.

Görəsən, təvəssül və bütə ibadət arasında heç bir bənzərlik olmadığı, əksinə tonlarla fərq olduğu halda müşriklər haqqındakı ayələri dəlil göstərərək təvəssülə şirk deməyi hansı insaf sahibi qəbul edər?

İddia:
Ölmüş birinə və ya dünyanın o biri ucundakı birini təvəssül edildiyi zaman bunu o necə eşidə bilər? Allah Quranda buyurub: "Sən ölülərə eşitdirə bilməzsən..." Ya da ölüb getmiş biri sizə necə yardım edə bilər?

Cavab:
1. Dil bir ət parçasıdır. Ondan səslərin çıxması bir möcüzə deyilmi? Qulaq da bir ət parçasıdır, cansız atomlardan ibarətdir. Onun səsləri eşidib bir-biri ilə qarışdırmadan beyinə ötürməsi bir möcüzə deyilmi?

Uzaqdakı insan bizi özbaşına eşidə bilməz, bəs yaxınımızdakı insan? Bizi özbaşınamı eşidir? Cansız atomlardan ibarət qulağa səsləri eşitdirən Allah deyimi? 

Bizi də, gördüyümüz işləri də yaradan Allahdır. (Saffat, 37/96) Yaxınımızdakına səsimizi Allah eşitdirdiyi kimi uzaqdakı insana da Allah eşitdirər. Biz təvəssül etdiyimiz insanın özbaşına səsimizi eşidəcəyini iddia etmirik. Biz deyirik ki, səsimizi uzağımızda olana Allah eşitdirir, Allahın qüdrəti sonsuzdur.

Bu gün nəinki bir-birindən uzaqda olan insanlar telefon vasitəsilə bir-birini eşidir, Skype vasitəsilə bir-birini görür, hətta NASA kosmosa göndərdiyi kosmonavtlarla belə əlaqə qura bilir. Vəziyyət belə olduğu halda Allahın səsimizi uzaqdakına və ya ölmüş birinə eşitdirə biləcəyini kim inkar edə bilər?

2. "Dirilərlə ölülər də eyni deyillər! Şübhəsiz ki, Allah dilədiyinə eşitdirər. Sən isə qəbirlərdə olanlara eşitdirən deyilsən!" (Fatir, 35/22)

Gəlin bu ayəni təhlil edək: Ayədə buyurulub ki, Peyğəmbər İslamı, iman həqiqətlərini qəbirlərdə olan ölülərə eşitdirə bilməz. Buradan belə bir sual yaranır: Görəsən Hz. Peyğəmbər qəbirləri gəzib-dolaşıb, hər məzarın başında oturub onlara dindən bəhs edib, sonra da ayə nazil olub ki, ölülər səni eşidə bilməz, boşuna zəhmət çəkmə? Yəni Peyğəmbərimizin din anlayışı (haşa) bu qədər boş olub?

Əlbəttə, olmayıb! O halda bu ayədə bəhs edilən dirilər haqqı eşidən, anlayan, qəlbi korlaşmamış insanlardır; ölülər isə məkkəli müşriklər kimi qəlbi ölmüş və haqqa qarşı kar-kor olanlardır. Demək, qəbirlərdə olan insanlar ifadəsindən məqsəd mənəvi cəhətdən ölüm keçirmiş insanlardır. 

Qısacası, bu ayədən Allahın səsimizi ölülərə eşitdirməyəcəyi nəticəsi çıxmaz.

3. Ölmək yox olmaq deyildir, var olma məkanının dəyişməsidir. Burada göstərildiyi kimi qəbirlərdə də həyat vardır. Allah Quranda Bədr döyüşündə müsəlmanlara mələklərlə yardım etdiyini xəbər vermişdir.

Görəsən, Allah qeyb aləmindən mələkləri göndərərək müsəlmanlara yardım etdiyini qəbul edənlər nəyə görə Allahın saleh qulların ruhları ilə dara düşüb təvəssül edənlərə yardım edə biləcəyini mümkünsüz görür və buna inananları müşrik sayır?