Təvəssülün caiz olduğuna dair Quran-i Kərimdən birinci dəlil...

Təvəssül bir müsəlmanın Allahın onun duasını qəbul etməsi, ona yardım etməsi üçün saleh bir bəndəni Allah ilə özü arasında vasitə etməsidir. Təvəssül caizdir, vacib deyildir. Yəni istəyən: "Allahım, filan qulun hörmətinə bu duamı qəbul et", - deyər, istəyən də araya vəsilə qoymadan dua edər.

Yusif surəsinin 97-98-ci ayələrində belə buyurulmuşdur: "(Oğlanları ona): “Ata! Bizim üçün günahlarımızın bağışlanmasını dilə. Biz, doğrudan da, günahkar olmuşuq!” dedilər. (Yəqub) dedi: “Mən Rəbbimdən sizin bağışlanmanızı diləyəcəyəm. O, həqiqətən, bağışlayandır, rəhm edəndir!"

Göründüyü kimi Hz. Yaqubun oğulları günahlarından tövbə etmək üçün özləri dua etmək yerinə atalarının yanına gəlmiş, onlar üçün Allahdan dua etməsini istəmişdirlər. Yəni Allah ilə aralarına Hz. Yaqubu qoymuş və onunla təvəssül etmişdirlər. Bütün bu izahlardan sonra təvəssülə şirk deyənlərə bəzi suallarımız var:
  1. Siz: "Allah ilə aramıza heç kimi qoya bilmərik, təvəssül şirkdir!" - deyirsiniz. Heç Yusif surəsinin 97-98-ci ayələrini oxumamısınızmı?
  2. Göründüyü kimi Hz. Yaqubun oğulları öz ataları ilə təvəssül etmişdirlər. Təvəssül şirk olsa idi, onlar belə bir tələb edərdilərmi?
  3. Deyək ki, onlar bunun şirk olduğunu bilmirdi. Bu zaman Hz. Yaqub: "Oğullarım, təvəssül şirkdir, Allah ilə aranıza məni soxmayın, gedin Allaha özünüz dua edin", - deməli deyilmiydi? Lakin o belə deməmiş, əksinə, onların tələbini qəbul edərək: "Mən Rəbbimdən sizin bağışlanmanızı diləyəcəyəm. O, həqiqətən, bağışlayandır, rəhm edəndir!", - söyləmişdir. Təvəssül şirk olsa idi, belə edərdimi?
  4. Təvəssülə şirk deyərək Allahın bir peyğəmbərinə müşrik dediyinizi bilirsinizmi?
Gəlin təvəssülün caiz olduğuna dair Quran-i Kərimdən göstərdiyimiz birinci dəlili burada yekunlaşdıraq və ikinci dəlilimizə keçək...